Rusiya miqrantlara əlavə rüsumlar tətbiq etmək istəyir | VİDEO

   Rusiya miqrantlara əlavə rüsumlar tətbiq etmək istəyir  | VİDEO
  14 İyul 2025    Oxunub:771
Rusiya parlamentinin aşağı palatası (Dövlət Duması) bu həftə miqrantlar üçün əlavə dövlət rüsumlarının tətbiqini təklif edən qanun layihələrini nəzərdən keçirməyə başlayacaq.
AzVision.az xəbər verir ki, Dövlət Dumasının (DD) sədri Vyaçeslav Volodin öz Telegram-kanalında bununla bağlı paylaşım edib.

Qanun layihələri deputatlar tərəfindən dəstəklənəcəyi halda, Rusiya əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə patentin verilməsi və ya yenidən rəsmiləşdirilməsi, habelə iş icazəsinin müddətinin uzadılması üçün 4,2 min rubl (təxminən 53,5 ABŞ dolları) məbləğində əlavə rüsumlar tətbiq edəcək. Bundan əlavə, patent və ya iş icazəsinin dublikatının verilməsi və müvafiq sənədlərə dəyişiklik edilməsi üçün 2,1 min rubl (təxminən 26,7 ABŞ dolları) rüsum tətbiq olunacaq.

Həmçinin, miqrantlar üçün bir sıra digər dövlət rüsumlarının müəyyən olunması və ya artırılması təklif edilir. Söhbət o cümlədən, yaşayış yerinə gəliş qeydiyyatı və ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyat üçün rüsumlardan gedir.

“Bu, nəinki büdcəyə vəsait axınını artıracaq, həm də miqrantlara nəzarəti gücləndirəcək və onların faktiki yaşayış yerlərini müəyyənləşdirəcək. Bu isə, öz növbəsində, qeyri-qanuni miqrasiyanın səviyyəsini azaltmağa kömək edəcək”, - Vyaçeslav Volodin vurğulayıb.

Bundan əvvəl, iyulun 11-də Dövlət Dumasının deputatı Sardana Avksentyeva Rusiyanın Daxili İşlər naziri Vladimir Kolokoltsevə göndərdiyi məktubda miqrantların vətəndaşlıq alması üçün əlavə şərtlərin tətbiq olunmasını təklif edib. Şərt, əcnəbilərin Rusiya ərazisində qaldıqları bütün müddət üçün ən azı 10 milyon rubl (təxminən 127 min 535 ABŞ dolları) məbləğində vergilərin ödənilməsini nəzərdə tutur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   miqrantlar   rüsumlar  



Xəbər lenti